Rusiya gələcəyin savaşlarına hazır olmayacaq | VİDEO

   Rusiya gələcəyin savaşlarına hazır olmayacaq    | VİDEO
  24 İyul 2025    Oxunub:510
Rusiya Ukraynaya qarşı müharibəyə rekord məbləğdə vəsait xərcləyir, lakin Qərbin sanksiyaları üzündən ordusunu modernləşdirmək və texnoloji cəhətdən daha da inkişaf edəcək növbəti münaqişələrə hazırlamaq imkanını itirir.
AzVision.az xəbər verir ki, Londonda yerləşən “Chatham House” analitik mərkəzinin Rusiya və Avrasiya proqramının məsləhətçisi Matye Buleqanın analitik hesabatına istinad edən “Business Insider” nəşri belə yazıb.

Analitikin dediyinə görə, Rusiya bu il ÜDM-in 6,3%-ni müharibəyə xərcləməyi planlaşdırır ki, bu da “soyuq müharibə”dən sonra ən yüksək hərbi xərcdir. Bununla belə, Rusiya hərbi sənaye kompleksində parallel olaraq texnoloji deqradasiya prosesi gedir.

Kritik idxala çıxışı məhdudlaşdıran sanksiyalara görə, Rusiya öz silahlarının müasir komponentlərini aşağı analoqları ilə əvəz etmək məcburiyyətindədir.

“Rusiya çox güman ki, hərbi istehsalını sadələşdirməli və sürətini azaltmalı, məhsulun keyfiyyətinin aşağı düşməsini və tədqiqat və inkişafında hansısa formada “innovasiya durğunluğunu” qəbul etməli olacaq”, - Matye Buleqanın hesabatında vurğulanır.

Onun fikrincə, bu, Rusiyanın hərbi-elmi sektorunu elmi-texniki nailiyyətlər üzərində işləmək əvəzinə köhnə sistemlərin yavaş-yavaş təkmilləşdirilməsi ilə məşğul olmağa məcbur edəcək. Başqa sözlə, Rusiya hərbi sektoru öz silahlarını yeni şəraitə uyğunlaşdırmaqla məşğuldur və artıq real innovasiyaya köklənmir.

- Bu o deməkdir ki, qısa müddətdə Rusiya hərbi zavodları Ukrayna və Avropa üçün real təhlükə yarada biləcək “kifayət qədər yaxşı” avadanlıq istehsal edəcək. Lakin zaman keçdikcə Rusiyanın qabaqcıl hərbi dövlətlərlə rəqabət qabiliyyəti azalacaq”, - dərc olunan materialda deyilir.

Rusiyanın uzunmüddətli perspektivdə üzləşdiyi digər problem iqtisadiyyatın həddindən artıq hərbi xərclərdən “yorğunluğu” dur. Matye Buleqa bildirir ki, qısa müddətdə hərbi iqtisadiyyat “yaxşı makroiqtisadi nəticələr verir”: yəni rəqəmlərdə hər şey iqtisadi artım kimi görünür.

Lakin uzunmüddətli perspektivdə inflyasiyanın artması, əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi, bank sektorunda likvidlik böhranı kimi real problemlər ortaya çıxmağa başlayır. Bu isə artıq Rusiya iqtisadiyyatında qeydə alınır.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   müharibələr   gələcək  



Xəbər lenti